“Türk dünyasının əsas problemi sağlam mədəniyyət zehniyyətindən məhrumluqdur”

Mərhum Mirzə Ələkbər Sabirin kədərlə dilə gətirdiyi nöqsanlarımız davam edir. Bu xəstəlikləri müalicə edə bilməsək, varlığı ilə yoxluğu arasında fərq olmayan bir qələbəlik olmaqdan qurtula bilmərik. 
Yazıçı Oğuzhan Sayğılı ilə “Kitablarla müzakirə-2” kitabının üçüncü nəşrinin çapdan çıxması münasibətilə danışdıq.

– Kitablarınızın tirajlanması, kütləviləşməsi barəsində danışa bilərsiz?
– Oxuma, oxutma və müzakirə məqsədli “Kitab şüuru” fəaliyyətlərimiz başladıqdan sonra bəzi kitabsevər izləyicilərimiz bizə fərqli suallar ünvanladı. “Hansı kitabları oxuyaq?”, “Bizə nə cür kitabları tövsiyə edirsiniz?”, “Kitab oxumağa hardan başlayaq?” kimi suallara bacardığımız qədər cavab verməyə çalışdıq. Və belə qənaətə gəldik ki, həmin mövzuda ədəbiyyət azdır. Bəzi dostlarımız konkret mövzuda müxtəlif vaxtlarda qəzet və jurnallarda dərc olunan yazılarımızın aktuallığının itmədiyini dedilər. Beləliklə, naşirlərin də köməkliyi ilə kitablarımız işıq üzü gördü. “Kitablarla müzakirə-1” 2017-ci ildə, “Kitablarla müzakirə-2” isə 2019-cu ildə oxucularla görüşdü.

– “Kitab şüuru” fəaliyyətiniz ilə ölkədə maraq obyektinə çevrildiniz. İşləriniz nələrdən ibarətdir?
– Fəaliyyətimizə 2015-ci ildə start verdik. İki əsas istiqamət üzrə çalışırıq. Hər həftə yığışıb oxuduğumuz kitablar haqqında danışır, onları müzakirə edirik. İkinci bir tərəfdən isə sosial mediada müxtəlif meyarlara uyğun seçim edir və istifadəçilərə kitablar paylayırıq. Kitab oxunması istiqamətindəki səylərimiz, az qala, Türkiyənin hər nöqtəsində nəticə verdi. Xüsusilə kitab oxumağı sevən gənclər də bizə dəstək oldular. Aldığımız rəylər bizi sevindirdi. Kitab təqdim edərkən müəyyən şərtlər irəli sürdük. Məsələn dedik ki, bu kitabı 40 gün içində oxuyub, beş cümlə rəy yazaraq bizə bildirin. Şərtlərimizi yerinə yetirənlərə daha çox kitab verdik. Təqdimatı da qüsursuz həyata keçirdiyimiz üçün nəticə istədiyimiz kimi oldu. Bu gün “Kitab şüuru” Türkiyədə 3500 insanın birləşdiyi layihəyə çevrilib.
– Oxuma mədəniyyəti ilə əlaqədər fərqlilik yaratdınız. Sizcə, türk dünyasının kitaba olan məsafəsini qısaltmaq baxımından başqa hansı addımlar atmaq olar?
– Əlbəttə, bu, mühümdür. Lakin kitab oxuma və oxutma mövzusunda nə edilə bilər qayğısını bütün oxucularımız çəkməlidir. Bunun üçün yalnız ayrı-ayrı təbəqədən olan insanlar, məsələn, müəllimlər, alimlər yox, bütün cəmiyyət çalışmalıdır. Bakon yüz illər əvvəl “Bilik gücdür” demişdi. Buna vəzifə sahibləri, səlahiyyətli şəxslər də inanmalıdırlar.
– Göründüyü qədərilə, daha çox ədəbi tənqidçiliklə məşğulsunuz. Niyə məhz bu sahə?

– Bu sahənin kifayət qədər inkişaf etmədiyinin hələ gənclik yaşlarımdan fərqinə vardım. Məsələn, Türkiyədə bir ildə 50-60 min kitab nəşr olunur. Bir- birindən fərqli bu kitabların əksəriyyəti haqqında kimsənin xəbəri yoxdur. Populyar, xarici əsərlər və türk klassikləri istisna olmaqla, digər kitabları tanıyan yoxdur. Kitabların məzmunu haqqında yazılara qəzet, jurnal səhifələrində çox az yer verilir. “Oxuduğumuz kitablar haqqında nələrsə yazıb müntəzəm dərc etdirsək, həm sözügedən sahəni inkişaf etdirər, həm yazdıqlarımıza qarşılıq gələr” düşüncəsi ilə on ildir yazırıq. Keyfiyyətli, aktuallığını itirməmiş, tozlu rəflərdə unudulan bəzi əsərlərin oxunmasına vasitəçi olduğumuzu görəndə həvəsimiz daha da artdı.
– Kitab şüuru fəaliyyətiniz daxilində, həmçinin gəncləri yazmağa istiqamətləndirirsiniz. Bunu necə edirsiniz?
– İstedadlı gənclərə rəhbərlik edən bir qrupumuz var. Oxuma kimi, yazmağı da təşviq edirik. Yazma qabiliyyəti olanların yazılarına baxıb çatışmazlıqlarını deyirik. Həmçinin həmin qələm məhsullarını təhlil edilməsi üçün müxtəlif redaksiyalara göndəririk. Belə qabiliyyətli gənclərimizə daha çox kitab hədiyyə edirik.
– Kitab hədiyyə edən digər komandalardan fərqiniz nədir?
– Sosial mediada, xüsusilə “Twitter” də belə kampaniyalar kifayət qədər çoxdur. Onların çoxunun fəaliyyət prinsipi budur: kitab oxutmaqdan daha çox, kitab hədiyyə etmək. Kitab hədiyyə edilən adamlar təsadüfi seçilir. Biz isə belə etmirik. Göndərdiyimiz kitabı oxuyub, cavab verənlərə yeni əsər yollayırıq. Əgər oxucumuz bir kitabı oxumayıbsa, ikincini göndərmirik. Həm də fəaliyyətimizi mütəmadi davam etdirir, dayanmırıq. Məsələn, pandemiya dövründə kitablar hədiyyə etdik. Növbəti fərqimiz isə budur: biz çoxlarından fərqli olaraq hədiyyə edilmiş yox, pulla alınmış kitabları oxucularımıza göndəririk.
– Kitablarınızı Seyid Əhməd Xan və İsmayıl bəy Qaspitalı ilə yanaşı, həm də Mirzə Ələkbər Sabirə ithaf etmisiniz. Bunun səbəbi nədir?
– Türk dünyasının maarif və mədəniyyətlə bağlı problemlərinə və bu problemlərin həllinə yönəlik yüzlərlə fikir adamının əsərləri, səyləri, əziyyətləri danılmazdır. Biz bu üç böyük ziyalıdan çox bəhrələnmişik. Yolunu izləməkdən qürur duyduğumuz böyük fikir adamlarına da buna görə ithaf edirik. Bəli, onlardan biri də Sabirdir. O, “Hophopnamə” ilə yüz ildən artıqdır ki, təkcə Azərbaycanda deyil, bütün türk dünyasında “Hər biri bir mülki xarab edəcək” “xəstəliyini” göstərməkdədir. Onun əsərlərində yaltaqlıq, mənfəətcillik, hərislik və s. sərt tənqid olunur və satirik dillə ifadə edilir. Dediyim kimi, Sabirin kədərlə haqqında söz açdığı nöqsanlar, təəssüf ki, hələ də davam edir.
– “Kitablarla müzakirə”nin bu dəfəki nəşri nədən bəhs edir?
– “Kitablarla müzakirə-1” gözlədiyimizdən daha çox maraqla qarşılandı, oxundu, gündəmə gəldi. Beləliklə, cəsarətlənib ikincini yazdıq. Bu kitab “On illik savaş dövrü(1912-1922), “İmperatorluqdan cümhuriyyətə” və “Söz sənətçilərindir” olmaqla üç hissədən ibarətdir. Lap axırda isə Elif Yavaş xanımın bizimlə müsahibəsi yer alıb. Bu fəsillərdə müvafiq olaraq 10, 8 və 15 olmaqla, ümumilikdə 33 əsər təhlil edilib, dəyərləndirilib.

– Həmin kitablarda göstərilən problemlərin Türkiyə, Azərbaycan və ümumilikdə türk dünyası üçün əhəmiyyəti nədir?
– Millətlərimizin və dövlətlərimizin inkişafında bir çox sosial, siyasi, iqtisadi, mədəni sıxıntılar ortaqdır. Biz biliyin güc olduğunu bilirik. Amma həm də bəzən özümüzü sadəcə bilmiş kimi göstəririk. İdarəetmədə ənənə yarada bilmirik. Günümüzü diplomatik boşboğazlıqla keçiririk. Enerjimizin böyük bir hissəsini daxili siyasətə sərf edirik. Ən uzaq hədəfimiz “Bu gün axşam yeməyində nə yeyək?” sualı olur. Əlbəttə, bəlkə də, şişirdirəm, fəqət, fərdi və kollektiv olaraq uzaqməsafəli hədəflərimizin olmadığı görünür. Hərçəd, ciddi məqsədlərimiz olmalıdır. Və onlara uyğun hərəkət etməliyik. Başqa bir problem isə cəmiyyət olaraq əxlaq məsələsində istədiyimiz səviyyədə olmamağımızdır. Bu məqam təkcə siyasi müstəvidə yox, həm də sosial həyatda özünü göstərir. Günah sadəcə siyasilərdə deyil. Millətimizin düşüncə tərzinin nəticəsi olaraq gördüyümüz pis vərdişlərin xeyli hissəsi hələ də davam edir. Bəzən vəziyyət daha da pisləşir. Qurucu liderimizin “Həyatda ən önəmlisi elmdir” fikrini ideologiyaya çevirmədiyimiz müddət ərzində pis günlər bizi gözləyir. Adi insanlar və cəmiyyətlərlə fərqimiz olmayacağı təqdirdə, bu regionda yaşamaq çox çətin olacaq. Belə ki, bu torpaqlar Sasani, Bizans, Səlçuqlu, Osmanlı kimi böyük imperiyaları “udmuşdur”. Üzərimizə düşəni etmədiyimiz müddətcə tarixin və ya Tanrının bizə güzəştə gedəcəyini düşünənlər axmaqlardır. İşləsək, istehsal etsək, sabaha mədəni miras buraxa bilsək, deməli, gələcəyə ümidlə baxa bilərik.
– Azərbaycanlı oxucuların yazdıqlarınızı oxuması üçün nələr edilə bilər?
– Onlayn görüşlərimizə dünyanın bütün ölkələrindəki kitabsevərlər qatıla bilərlər. İstəyənlər “www.kitapsuuru.com” saytında yazılarımızı oxusunlar. Həmçinin azərbaycanlı kitapseverler “Youtube”dan verilişlərimizi izləyə bilərlər. Yaxın gələcəkdə azərbaycanlı oxucularımıza da kitab göndərmək barədə düşünürük. Yəqin ki, ilk fütsətdə belə bir təşəbbüslə çıxış edəcəyik- 50- yə yaxın kitabı qardaş ölkəyə göndərəcəyik.
– Tədqiqatlarınızın, müşahidələrinizin nəticəsi olaraq insanların kitablara olan maraqlarını necə dəyərləndirirsiniz?
– Türkiyədə ali təhsillilərin böyük əksəriyyəti, az qala, ancaq dərs kitablarına pul verirlər. Öz gündəlik rifahını təmin erməkdə çətinlik çəkən, amma oxuma vərdişi olanlar üçün isə keyfiyyətli əsərlərə çatmaq çətindir. Kitabxanalarda lazımi və keyfiyyətli əsərləri tapa bilmirik. Bizim izləyicilərimizin çoxu 18-40 yaş arasındadır. Hər peşə və sosial təbəqədən olan insanlar layihəmiz ətrafında birləşiblər. Həmçinin tələbə və məüllimlərin də xüsusi çəkisi var. Kitabın qüdrətinə inanan hər kəs “Kitab şüuru” fəaliyyətimizə maddi dəstək olur. Onların bizim işlərimizə inamını görüb, sevinirik. Bizə maddi dəstək olanların ayırdıqları vəsait o qədər də çox deyil. Lakin çox bərəkətlidir. Bu pulları çox diqqətli, israfa yol vermədən xərclədiyimizə görə ciddi nəticələr əldə edirik.

Tərcümeyi-hal
1978-ci ildə Qaziantepdə anadan oldu. Orta və ali təhsilini orada alıb. Atatürk universitetinin Erzincan Təhsil fakültəsinin məzunudur. 2001-ci ildə Şanlıurfada başladığı müəllimlik  həyatına hazırda Qaziantepdə davam edir.

“Tarix kritik” və “Çələbi” dərgilərinin naşiridir. Evli və üç uşaq atasıdır.

Kənan Novruzov 

Bu mülakat ilk olarak nmedia.az internet sitesinde yayımlanmıştır.

0 0 oy
İçeriği Değerlendir